logo
  • EN UK Flag
  • AZ UK Flag
  • RU UK Flag
burger menu
burger menu close button
  • EN
  • AZ
  • RU
Qonağımız olun Palçıq vulkanları haqqında Azərbaycanın palçıq vulkanları Nələri görmək olar Nələri etmək olar Necə getmək olar Təhlükəsizlik və ziyarət qaydaları

Palçıq Vulkanları Turizm Kompleksinə giriş biletini aşağıdakı linkdən əldə edə bilərsiniz:

Bilet al

Palçıq Vulkanları Turizm Kompleksi

heyrətamiz
əzəmətli
cəlbedici
Scroll Mouse

Sizi təbiətin və tarixin qovuşduğu bir məkanda - Azərbaycanın Palçıq Vulkanları Turizm Kompleksində salamlayırıq!

Azərbaycan planetimizdə palçıq vulkanlarının geniş yayıldığı region kimi tanınır. Dünyada mövcud olan palçıq vulkanlarının 350-dən çoxu  Azərbaycanda yerləşir və onlar ölkəmizin müxtəlif bölgələrinə paylanıblar. Kompleksimiz onlardan bir qrupu - "Qılınc" palçıq vulkanları ilə tanışlıq imkanı yaradır. 

Azərbaycanın palçıq vulkanları ilə tanışlıq ziyarətçilərə planetimizin möcüzəli təbiət hadisəsini izləmək, Yerin geoloji quruluşu barədə bilgilərini dərinləşdirmək üçün unikal fürsət yaradır. 

Azərbaycanın məşhur palçıq vulkanlarına heyran qalacağınızdan əmin ola bilərsiniz!

 

 

Mud Volcanoes info center
Qonağımız olun

Palçıq Vulkanları Turizm Kompleksinin qapıları hər zaman qonaqların üzünə açıqdır. Kompleks həftəsonu və bayram günləri də işləyir. 

Kompleksi ziyarət etmək üçün biletləri girişdə, yaxud öncədən iticket.az saytından (və ya "Bilet al" düyməsi)  əldə edə bilərsiniz. 

Kompleks üzrə ekskursiyaya informativ və maraqlı məlumat mərkəzindən başlayacaqsınız. Burada palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında maraqlı məlumatları əldə edəcəksiniz. Burada həmçinin qolf maşını və ya kvadrosikl icarəyə götürə bilərsiniz. 
 

Kompleksin iş saatları
Hər gün 10:00 - 19:00

Mud Volcanoes info center
Palçıq vulkanları haqqında
Palçıq vulkanı nədir?

Palçıq vulkanları planetimizin dərin qatlarındakı palçıq, qaz və su qarışığını yerə sızdıran nadir geoloji hadisədir. Bu vulkanlar ənənəvi olaraq ərimiş lavanı yox, köpürən palçıq hissələrini püskürür. Yerin altındakı qaz və maye cibləri yuxarıya doğru hərəkət etdikcə, özləri ilə palçıq və çöküntüləri də itələyib üzə çıxarırlar. Bu proses isə sonda insanı ovsunlayan bir görüntünün yaranmasına səbəb olur. Palçıq vulkanlarına dünyanın müxtəlif yerlərində, xüsusilə Azərbaycanda rast gəlinir. Bu seysmik aktiv birləşmələr hesabına planetimizi formalaşdıran dinamik proseslər barədə təsəvvür formalaşdırmaq mümkündür.

Vulkanların tədqiqi

Adətən vulkan püskürən zaman yer səthinə karbohidrogen qazları çıxarır, 300-500 metr hündürlükdə alov sütunu yaranır, ətrafda yüksək temperatur yaranır, bəzən böyük həcmdə karbon qazı ifraz edilir və vulkan brekçiyası tullanır, müxtəlif istiqamətdə çatlar əmələ gəlir. Bəzən isə yer səthinə qaz, minerallaşmış su, lilli palçıq çıxır. Nəticədə, palçıq vulkanlarının yerləşdiyi ərazidə qeyri-adi duzlaşmış, neftlə hopdurulmuş torpaq və geokimyəvi nöqteyi-nəzərdən unikal vulkan landşaftı yaranır.

Püskürmələrin ətraf mühitə təsiri

Palçıq vulkanları püskürmə zamanı qazları, mineralları və karbohidrogenləri üst qata çıxarmaqla planetin ümumi kimyəvi tarazlığına töhfə verirlər. Bundan əlavə, vulkanlar sayəsində alimlər Yer qabığının öyrənilməsi üçün əvəzedilməz məlumat əldə etmiş olurlar. Palçıq vulkanlarını əhatə edən fərqli ekosistemlər sərt şərtlərə uyğunlaşmış müxtəlif bitki və heyvan növlərini dəstəkləyir. Belə ərazilərdə nadir orqanizmlərə rast gəlinir ki, bu da ekoloqların diqqətini çəkir. Beləliklə, palçıq vulkanlarının davamlı tədqiqi seysmologiya, geofizika və geotermal energetika sahəsindəki tədqiqatların inkişafına kömək edir.

Azərbaycanın palçıq vulkanları
Təbiətin yaradıcılığı

Palçıq vulkanlarının sayına, növlərinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Ölkəmizdəki palçıq vulkanlarının aktivliyi daim dəyişir, onlar arasında müntəzəm olaraq püskürənləri olur. Azərbaycan həm də yeraltı və sualtı palçıq vulkanları ilə məşhurdur və Xəzər dənizi 140-dan çox sualtı obyektə ev sahibliyi edir. Təkcə Bakı arxipelaqı ərazisində unikal landşaft formalaşdıran vulkan mənşəli səkkiz ada mövcuddur.

Azərbaycandakı vulkanlar arasında yer səthinə neft axıdanları da var. Karbohidrogenlərlə birbaşa əlaqəli olan palçıq vulkanlarını dərin kəşfiyyat quyularına da bənzətmək olar. Çünki vulkanlar da müəyyən dərinliklərdə neft yataqlarının olduğunu göstərir, yerin təkində neft və qaz təbəqələrinin hərəkəti haqqında fikirlərin yaranmasına səbəb olur. Vulkanlar neft və qaz bölgələrinin üzərini örtərək daha üst təbəqələrdə qazabənzər metanın toplanmasına şərait yaradır.

Mineral duzlar, üzvi maddələr və mikroelementlərlə zəngin olan vulkan palçığı insan orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir. Bu palçıqdan dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri, mədə-bağırsaq traktatı, şəkər diabeti, ateroskleroz və boyun osteohondrozu kimi xəstəliklərin müalicəsində, daha sonra ginekologiyada, urologiya və kosmetologiyada uğurla istifadə edilir.

"Qılınc" palçıq vulkanları

Azərbaycanın palçıq vulkanları hər bir ziyarətçiyə misilsiz təcrübə təqdim edir.

Kompleksimizdə yaxından izləyə biləcəyiniz “Qılınc” palçıq vulkanı Bakıdan 59 km. Arzani palçıq vulkanından 4 km məsafədə yerləşir. "Qılınc" vulkanı Ginnesin Rekordlar Kitabına düşmüş "Torağay" palçıq vulkanının ətrafındakı düzənlikdən yüksəlir və dik yamac formasındadır.

“Qılınc” palçıq vulkanı ardıcıl olaraq bir sırada düzülmüş və dərə boyunca enişə doğru uzanan 8 sopka qrupundan ibarətdir. Bu palçıq vulkanının fəaliyyətdə olan sopkaları yer səthinə küllü miqdarda brekçiya çıxmasına səbəb olur. Şimal-şərq istiqamətində 20 hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metr, eni isə bəzi yerlərdə 50 metrə çatan iki dil əmələ gətirib.

Elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir. Lakin vulkanın yerləşdiyi ərazidə qazılmış bəzi quyuların kəsiyində orta və üst Pleytosen dövrünə aid geoloji qatların aşkar olunması onu göstərir ki, bu vulkan hələ orta Pleytosen dövründən (770.000 ildən 126.000 il əvvələ qədərki dövr) əvvəl də aktiv fəaliyyətdə olmuşdur.

 

Nələri görmək olar

Palçıq Vulkanları Turizm Kompleksində təkcə vulkanları izləməklə kifayətlənməyin. Kompleksin ərazisində planetimizin təkamül prosesini nümayiş etdirən eksponatlarla zəngin olan sərgi zalı fəaliyyət göstərir.  Sərgi zalında həm  heyvanat aləminin tarixini, həm də Azərbaycanın müxtəlif nöqtələrindən gətirilmiş rəngarəng mineralları izləyə biləcəksiniz.

Təbiət tarixi sərgisi

Təbiət tarixi sərgisində tarixdə iz qoymuş heyvan skeletləri və qalıqlarının kolleksiyası ilə tanış olacaqsınız. Buradakı eksponatlar sizə palçıq vulkanlarını əhatə edən zəngin biomüxtəlifliyi və bu canlılarla vulkanlar arasında maraqlı qarşılıqlı əlaqəni daha dərindən dərk etməyə imkan verəcək. Sərgi zalında Azərbaycan və dünya faunasına aid olan 100-ə yaxın heyvan skeleti, 900-ə qədər müxtəlif növ qurudulmuş həşərat və formalin məhlulunda nümayiş etdirilən canlılar, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir.

01
Yer tarixini öyrən

Muzeyimizdəki eksponatlar sizə Yer tarixinin müxtəlif aspektləri, biologiya, geologiya və paleontologiya elmləri haqqında məlumatlı olmağa kömək edəcək.

Unutmayaq ki, heyvan skeletlərinin öyrənilməsi alimlərə yalnız canlıların anatomiyası haqqında məlumat almağa deyil, hər dövrə uyğun təkamül prosesini öyrənməyə imkan verir. 

Yer həyatının mənşəyini araşdırmaq üçün planetimizin yüz milyon ildən artıq tarixinə səyahət edin!

02
Yırtıcılarla tanış ol

Ekspozisiyaya zürafə, ayı, pələng, şir, canavar, puma, qaban və s heyvanların skeletləri, o cümlədən fosilləşmə prosesini izah edən interaktiv nümayişlər daxildir.

Sərgi zalında formalarına görə müxtəlif növlərə - uzun boruşəkilli, qısa, yastı və qarışıq sümüklərə bölünə bilən heyvan skeletlərinin sümükləri nümayiş etdirilir. Ziyarətçilər vəhşi heyvanların kəllə sümükləri, onurğaları, qabırğaları, eləcə də yırtıcıların dişləri ilə yaxından tanış olaсaq, o cümlədən heyvanların anatomiyası və  davranışı haqqında məlumat ala biləcəklər. 

Minerallar Sərgisi

Azərbaycanın hər yerindən zəngin  eksponatların toplandığı Mineral Muzeyi ilə kompleksin sərgi zalında tanış ola bilərsiniz. Burada əksəriyyəti nadir minerallar olan 60-dan çox nümunə sərgilənir. Eksponatlar Azərbaycanın müxtəlif bölgələrində olan yataqlardan götürülüb. Muzeydə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlarla tanış olmaq mümkündür.

01
Qiymətli daşlar və süxurlar

Ziyarətçilər ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. Eksponatlar sırasında ametist, buynuzdaşı, epidot, travertin, mərmər, kvars, malaxit, füruzə kimi daşlar var. Muzeyimizdə tərkibi gümüş, mis filizləri və digər nadir materiallarla zəngin olan mərmər, kvars nümunələri, hətta müxtəlif mineralların qarışıqlarından ibarət süxurları da görə biləcəksiniz.

02
Mineralları kəşf et

Nümayiş etdirilən nümunələr sırasında həm memarlıqda, həm də zərgərlikdə istifadə olunan daşları görmək mümkündür. Bəzi minerallar dekorativ üzlük daşlar, dekorativ tətbiqi incəsənət, bəziləri isə  radiotexnikada istifadə olunur. Tikinti işlərində, metallurgiya, fərqli sənaye sahələrində tətbiq edilir.  Ümumilikdə eksponatlar ziyarətçilərə Yerin tərkibi, geoloji prosesləri, süxurların və mineralların əmələ gəlməsi haqqında məlumat verir.

Nələri etmək olar

Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edən turistlər burada həm də əyləncəli vaxt keçirə bilərlər. Kompleksin ərazisində siz kvadrosikllər və ya qolf maşınları ilə ekskursiyaya çıxaraq  ərazi ilə daha yaxından tanış olmaq imkanını qazanacaqsınız. Günün sonunda isə  kafedə dincəlib ləzzətli yeməklərin dadına baxa bilərsiniz. 

Kompleksdə əyləncə növləri
Activites image
Kvadrosikl sürmək

Əgər siz palçıq vulkanlarını əhatə edən füsunkar enişli-yoxuşlu bölgəni yaxından və həyəcanla izləmək istəyirsinizsə, onda bizim  kvadrosikl turuna qoşulun! Xüsusi hazırlanmış marşrutumuza qoşulmaqla sizə unudulmaz ekstrim yaşadacaq və təbiət möcüzələri ilə üzləşdirəcək macəraya hazırlaşın.Kvadrosik llərimiz mükəmməl nəqliyyat növü kimi qum, daşlıq, palçıq və bataqlıq kimi çətin ərazilərdə rahatlıqla hərəkət etməyə imkan verir. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ətraf təbiətə zərər verməməsini təmin edir. Bu tura qoşulmaq hər kəsə  aktiv, maraqlı və əyləncəli vaxt keçirəcəyini vəd edir. Şəhərin səs-küyündən uzaq bölgədə kvadrosikl sürməklə coşğu dolu dəqiqələr yaşayacaq, əsl müsbət enerji ilə yüklənəcəksiz.

Activites image
Qolf maşını ilə gəzinti

Kiçik ölçülü qolf maşınlarında gəzinti ətraf mühitdən, gözəl təbiət mənzərələrindən, təmiz hava və sakitlikdən zövq almağa imkan verir. Qolf maşınları ilə ekskursiya zamanı palçıq vulkanlarının inanılmaz dərəcədə gözəl və möhtəşəm görüntüsünün şahidi olacaqsınız. Kompleks ərazisindəki palçıq vulkanları və qrifonları yaxından izləmək imkanı əldə edəcəksiniz. Daha sonra informasiya mərkəzinə doğru istiqamətlənib təbiət tarixi sərgisi və minerallar muzeyi ilə tanış ola biləcəksiniz.

Ekoloji cəhətdən təmiz nəqliyyat növü sayılan qolf maşınlarda daxiliyanma mühərrikinin olmaması onların sakit hərəkətini təmin edir. Bu maşınlar həm də ətraf mühitə ziyanlı qazlar buraxmır. Qolf maşınları yüngül olduğundan, gəzinti zamanı hər cür manevrlər etməyə imkan verir.

Mud Volcanoes Restaurant
Mud Volcanoes Restaurant
1
Kafe-restoran

Palçıq vulkanlarını kəşf etdikdən sonra kompleksdə yerləşən kafe-restoranda əyləşib təbiət mənzərəsindən zövq alaraq, müxtəlif mətbəx nümunələrinin, ləziz təamlardan dada bilərsiniz. Burada qonaqlara həmçinin yerli mətbəxə xas olan ənənəvi delikateslər və içkilər təklif ediləcək. 

Necə getmək olar

Palçıq Vulkanları Turizm Komleksi Bakıdan təxminən 1,5 saatlıq məsafədə, Abşeron rayonu ərazisində yerləşir. Kompleksə getmək üçün Bakının mərkəzindən avtomobil vasitəsilə E119 avtomagistralı ilə hərəkət edərək "Qobustan" Milli Tarix-Bədii Qoruğunun yanından keçən yol ilə qəsəbəyə doğru irəliləmək lazımdır. 

 

Palçıq Vulkanları Turizm Kompleksinə getməzdən öncə ümumi ziyarət və təhlükəsizlik qaydaları ilə tanış olun.

QAYDALAR
Rəyinizi göndərin

Rəyi göndərmək üçün bütün sahələri doldurun

Rəyiniz uğurla göndərildi! Rəyiniz üçün təşəkkür edirik.

Ziyarətçilərimizdən eşidin
Ünvan
Abşeron rayonu, Palçıq Vulkanları Turizm Kompleksi.

Necə getmək olar: Palçıq Vulkanları Turizm Komleksi Bakıdan təxminən 1,5 saatlıq məsafədə, Abşeron rayonu ərazisində yerləşir. Kompleksə getmək üçün Bakının mərkəzindən avtomobil vasitəsilə E119 avtomagistralı ilə hərəkət edərək "Qobustan" Milli Tarix-Bədii Qoruğunun yanından keçən yol ilə qəsəbəyə doğru irəliləmək lazımdır.
İş saatları
Hər gün 10:00 - 19:00
Əlaqə
[email protected] [email protected]
(+994) 12 505 87 04 (+994) 51 975 62 77
Bizi izləyin
Sosial media səhifələrimiz
Social Links Instagram Social Links facebook
logo
Copyright 2025, Bütün hüquqlar qorunur